Konfranslar

“Ginekologiya və Perinatologiyada Müasir Müayinə və Müalicə Metodları”

18-19 Aprel 2019-cu il tarixində Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının, Acıbadem Sağlamlıq Xidmətləri  və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Pullman Baku Hotelində “Ginekologiya və Perinatologiyada Müasir Müayinə və Müalicə Metodları” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycanın və Türkiyənin müvafiq sahə üzrə mütəxəssisləri ilə yanaşı, yerli tibb müəssisələrinin həkimləri də iştirak edib.

Konfransı giriş sözü ilə ETMGİ-nin direktoru, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının prezidenti prof., t.e.d. Cəmilə Qurbanova  açaraq, Ginekologiya və Perinatologiya sahələrinin müasir dövrdə inkişafı və konfransın keçirilmə məqsədləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qonaq məruzəçilər arasında yer alan Acıbadem Sağlamlıq Qrupunun Laboratoriya müdiri, İstanbul üzrə Tibbi Biokimya Bölməsinin rəhbəri prof. dr. Mustafa Serteser də öz növbəsində konfrans iştirakçılarını salamlayaraq, şirkətin xidmətləri haqqında ətraflı məlumat verib .

Daha sonra çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nigar Rüstəmli öz növbəsində təşkilat komitəsinin bütün üzvlərinə öz təşəkkürünü bildirib, tədbirin əhəmiyyətindən bəhs edib və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfranslar sırasına belə mühüm sahələri əhatə edən konfransın da daxil olması ilə bağlı məmnunluq hissini paylaşıb.

Acıbadem Sağlamlıq Qrupu Altunizade Xəstəxanasının  həkimi doç. Osman Temizkan “Papilloma virusları, Uşaqlıq boynu xərçənginin profilaktikası və müayinə metodları” mövzusu haqqında müasir yenilikləri və fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Məruzəçilər arasında yer alan Azərbaycan Tibb Universitetinin I Mamalıq Ginekologiya Kafedrasının həkimi prof. İslam Maqalov “Laporoskopik və Vaginal Histerektomiya” mövzusundan söz açıb.

İlk günün sonunda isə Sağlamlıq Qrupu Altunizade Xəstəxanasının  uzman dr. Bülent Arıcı “Uşaqlıq və Sidik Kisəsi Sallanması”, KLAPP Dermato-Kosmetologiya İnstitutunun həkimi uzman İlqar Şamilov isə “Klimaks dövründə metabolik pozulma və kökəlmə” ilə bağlı məruzələrlə çıxış edərək, sonda konfrans iştirakçılarının suallarını cavablandırıblar.

Konfransın ikinci günü tədbiri giriş sözü ilə ETMGİ-nin direktoru, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının prezidenti prof., t.e.d. Cəmilə Qurbanova açaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Acıbadem Sağlamlıq Qrupunun Laboratoriya müdiri, İstanbul üzrə Tibbi Biokimya Bölməsinin rəhbəri prof. dr. Mustafa Serteser “Doun sindromu genetik testləri və NİPT ”, Müasir Diaqnostika Klinikasından  uzman dr. Oktay Metin “Autoimmun Tiroid- Haşimoto Xəstəliyi və Hamiləlik”,   Doç.dr.  Osman Temizkan “Xronik Kiçik Çanaq Ağrıları, Endometriozis və Yumurtalıq Xərçəngi”,  uzman dr.  Bülent Arıcı “Hamiləlikdə Skrininq, Genetik Anomaliyalar və Qanaxmalar” mövzuları ilə çıxış ediblər.

Sonda bütün mövzular ətrafında müzakirələr aparılıb və həkimlərin sualları cavablandırılıb.

Daha bir mühüm məqamı qeyd etmək istərdik ki, konfransın hər iki günündə iştirak edən həkimlər Davamlı Tibbi Təhsil üzrə 14 kredit əldə ediblər.