Haqqımızda

?> Rəhbərlik ?> Karyera ?> Lisenziya və mükafatlar ?> İnkişaf tariximiz

2003-cü ildə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzi bu illər ərzində sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tutub. Mərkəzimizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlər, insanların inandığı və etibar etdiyi bir tibb müəssisəsi kimi nüfuz qazanması uğurlu bir məqam olaraq qiymətləndirilə bilər.

Bu uğurlu fəaliyyət öz başlanğıcını C.Cabbarlı küçəsində açılan ilk filialımızdan götürür. Filial laboratoriya, ginekologiya, andrologiya şöbələri və qan otağı daxil olmaqla cəmi 5 otaqdan ibarət idi. Burada fəaliyyətimizin 5 ili tamam olan zaman xidmət çeşidinin artırılması və göstərdiyimiz xidmət keyfiyyətinin yüksəldilməsi üçün daha böyük bir mərkəzə ehtiyac yaranmışdı.

Beləliklə, 2008-ci ildə M. Qaşqay 93 ünvanında II filialımız açıldı. Bununla da, laboratoriyamız böyüdü və burada daha çox laborator müayinə aparılmağa başladı. Qısa müddət sonra isə ISO 9001:2008 Beynəlxalq Keyfiyyət Standartı sertifikatına layiq görüldük.

Qarşımıza qoyduğumuz əsas vəzifələrdən biri fəaliyyətimizdə ən müasir və qabaqcıl texnologiyaların tətbiq olunmasıdır. Bu zərurətlə hədəflərimizə, strategiyamıza və dəyərlərimizə əsaslanaraq gördüyümüz işlərlə xidmət sahələrimizi genişləndirməyə və tibb sektorunun inkişafına töhfə verməyə çalışırıq. Məhz bu strategiya əsasında laborator xidmətlərlə yanaşı poliklinik xidmətlərə də ehtiyac olduğunu nəzərə alaraq, 2010-cu ildə Sağlam Ailə Poliklinikasını əhalinin istifadəsinə verdik.

Bakı şəhərində əhaliyə göstərdiyimiz 9 illik xidmət ilə vətəndaşlarımızın daha çox inamını qazandıq. 15 may 2012-ci il Beynəlxalq Ailə Günündə Sumqayıt əhalisinin istəyi ilə Sumqayıt şəhərində yeni filialımızı istifadəyə verdik.

2012-cı ilin daha bir uğuru isə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN XİDMƏT ” və Mərkəzimiz arasında birgə əməkdaşlığa dair müqavilə imzalanması oldu. Müqaviləyə əsasən, Sağlam Ailə Tibb Mərkəzinin həkim briqadası  Bakı şəhərindəki 1, 2 ,4 saylı və Gəncə şəhərində yerləşən “ASAN XİDMƏT” mərkəzlərində vətəndaşlara tibbi xidmət göstərir. Mərkəzlərdə, 16 yaşına çatmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (qan qrupunun təyin edilməsi), 16 yaşına çatmış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin alınması üçün tələb edilən tibbi arayış (boyun ölçülməsi, göz rənginin və qan qrupunun təyin edilməsi) və ilkin tibbi yardımın göstərilməsi Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən həyata keçirilməyə başladı.

2014-cü il aprel ayında Rəşid Behbudov 128 ünvanında yerləşən “Müasir Diaqnostika Klinikası” françayzinq ilə “Sağlam Ailə” brendinin adı altında fəaliyyətə başladı. Mərkəz, etibarlı və özünü təsdiqetmiş sistem əsasında çalışır.

2014-cü il 9 noyabr tarixində isə Nərimanov rayonunda Sağlam Ailə Tibb Mərkəzinin mərkəz filialı fəaliyyətə başladı. Ən son model avadanlıqlarla təchiz olunmuş və öz fəaliyyətində inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanan laboratoriyamız bu filialda daha da genişləndi. Burada keyfiyyətə müsbət təsir edə biləcək bütün amillər nəzərə alınıb, müayinələr bütün mərhələlərdə beynəlxalq standartlara, prosedur və təlimatlara ciddi riayət olunmaqla aparılır. Bütün bunların məntiqi nəticəsi olaraq laboratoriyamız 2014-cü ildə akkreditasiyadan uğurla keçərək ISO 15189:2012 standartını əldə etdi. Artıq Sağlam Ailə Tibb Mərkəzinə məxsus laborator nəticələr Avropada da tanınır.

2017-ci il 16 mart tarixində Sağlam Ailə Tibb Mərkəzinin daha bir filialı Abşeron rayonu ərazisində əhalinin istifadəsinə verildi. AAAF Park Yaşayış Kompleksində yerləşən Xırdalan filialı pasiyentlər üçün daha rahat olan müasir dizaynda təmir olunmuş və burada əhaliyə müxtəlif çeşidli poliklinik və laborator xidmət göstərilir.

2018-ci il 21 iyun tarixində Sağlam Ailə Tibb Mərkəzi olaraq pasiyentlərimizə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə filial şəbəkəsini genişləndirərək Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsi yaxınlığında yeni filialımızı açdıq. Asif Məhərrəmov 156 C ünvanında “Ultralab” brendi adı altında istifadəyə verilən filialda bütün laborator və poliklinik müayinələr aparılır.

2019-cu ildə “Ultralab”  brendinin  Gəncə filialının açılması nəzərdə tutulub.

Bir tibb müəssisəsi olaraq filial şəbəkələrimizi genişləndirərək tibbi xidmət göstərməklə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində gördüyümüz tədbirlər də xüsusi yerə sahibdir. Mütəmadi olaraq keçirdiyimiz konfranslar fəaliyyətimizin mühüm bir hissəsini təşkil edir. İctimai fəaliyyətimizin digər əsas aspektini universitet tələbələri, gənclər təşkilatları, dövlət orqanlarının əməkdaşları üçün təşkil etdiyimiz təlimlər, məlumat turları, regionlarda etdiyimiz səyyar müayinələr tutur.

Əhalinin maarifləndirilməsi istiqamətində atdığımız digər mühüm addımlardan biri kitablar nəşr etdirməkdir. “Клинические Аспекты Бактериальныx Дерматозов”, “Tibbi Genetika”, “Qan Donorluğu, Məhkəmə Təbabəti”, “İlk Tibbi yardım” və.s kitablarımızı buna misal olaraq göstərə bilərik.

Göstərdiyimiz yüksək keyfiyyətli xidmətdə bizim ən dəyərli sərvətimiz əməkdaşlarımız xüsusi rola malikdir. Onların səriştəsi, peşəkarlığı, təcrübəsi və əzmkarlığı uzunmüddətli uğurlarımızın əsasını təşkil edir. Sağlam Ailə Tibb Mərkəzinin bu pilləyə qalxmasında və müvəffəqiyyətlər əldə edərək seçilməsində iştirak edən pasiyentlərimizə, həkimlərimizə və əməkdaşlarımıza dərindən təşəkkür edir, birlikdə yeni nailiyyətlər qazanmağı arzu edirik.